Qarabağ Azərbaycandır!
#KarabakhisAzerbaijan
Əsas səhifə | Xəbərlər | Sumqayıt Dövlət Universitetinin alimi beynəlxalq konfransın plenar iclasında çıxış edib
Yerləşdirilmə tarixi : 08 Aprel 2026 10:34
Sumqayıt Dövlət Universitetinin alimi beynəlxalq konfransın plenar iclasında çıxış edib
Aprelin 8-də Sumqayıt Dövlət Universitetinin nümayəndəsi Qazaxıstan Respublikasında keçirilən “Gənclər və elm: bu gün və gələcək” adlı gənc alimlərin beynəlxalq elmi-praktiki konfransında uğurla iştirak etmişdir. Beynəlxalq konfrans Xalel Dosmuxamedov adına Atırau Dövlət Universiteti tərəfindən təşkil olunmuş və müxtəlif ölkələrdən alimləri, tədqiqatçıları və ali təhsil müəssisələrinin nümayəndələrini bir araya gətirmişdir. Universitetin Energetika kafedrasının müdiri, fizika üzrə fəlsəfə doktoru, dosent Xəyalə Əliquliyeva konfransın plenar iclasında məruzə ilə çıxış etmişdir. O, plenar sessiyada “Maqnit topoloji izolyatorlarında anomal Hall effektinin fiziki xüsusiyyətləri” mövzusunda təqdimat etmişdir. Məruzədə maqnit topoloji izolyator materiallarında elektron nəqli prosesləri, anomal Hall effektinin fundamental fiziki mexanizmləri və bu yeni nəsil kvant materiallarının energetika sahəsində tətbiq imkanları xüsusi vurğulanmışdır. Qeyd edilmişdir ki, bu materiallar enerji çevrilmə sistemlərinin effektivliyinin artırılması, enerji itkilərinin minimuma endirilməsi, aşağı enerji sərfiyyatlı elektron və spintronik qurğuların yaradılması, gələcək ağıllı energetika sistemləri və kvant texnologiyalarının inkişafı üçün perspektivli elmi istiqamətlərdən hesab olunur. Plenar iclasda təqdim olunan məruzə beynəlxalq elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmış, fizika, materialşünaslıq və energetika sahələrinin inteqrasiyası istiqamətində geniş müzakirələr aparılmışdır. Sumqayıt Dövlət Universiteti alimlərinin beynəlxalq konfransların plenar sessiyalarında iştirakı universitetdə aparılan elmi tədqiqatların aktual enerji problemlərinin həllinə yönəldiyini və ali məktəbin beynəlxalq elmi nüfuzunun artdığını nümayiş etdirir. 

 

ÜNVAN
ƏLAQƏ VASİTƏLƏRİ
SUMQAYIT DÖVLƏT UNİVERSİTETİ
Sumqayıt şəhəri
Bakı Küçəsi 1, 43-cü məhəllə
AZ5008
Telefon: +994(018) 64 6 15 06
E-Mail: info@sdu.edu.az